Skip to main content

https://westgold.com/

Faydalı məsləhətlər

"Növbəti bir neçə ay ərzində mətbəxə qapanıb hər gün işlədim. Bişirdiklərim kömürə dönmüş haldan yeməli hala keçdikcə, ambisiyalarım güclənirdi".

Həbsə düşmədən bunu necə edirəm.

2015-ci il idi və "Maroon 5" qrupunun "Sugar" ("Şəkər") mahnısının klipində Adam Levayn oxuya-oxuya tanımadığı insanların toyuna qəfil daxil olurdu. Mən şirniyyat dükanının qapısında dayanmışdım, eyni əhval-ruhiyyə ilə mən də şəkər üçün içəriyə dalmaq istəyirdim. Amma həqiqi şəkər üçün, klipdəki metafora kimi deyil.

 

Körpəm ağlayırdı, mən yuxusuz idim, acgözlüklə makaron yeyən müştərilərlə dolu olan bu mağazanın vitrinində nümayiş etdirilən makaronlardan mən də istəyirdim.

 

Şirniyyat üçün qapıları qırıb içəri daxil olmağa görə cəza verməyəcək hər hansı maddə və ya qanun var idimi, bilmirdim, ona görə də evə getdim və melodramatik şəkildə özümə söz verdim ki, bu fransız şirniyyatını özüm bişirməyi öyrənəcəyəm. Tanrı şahidimdir. Bilirsiniz də, hamısı hormonlardandır.

 

Qənnadı məmulatlarını və digər şirniyyatları yeməkdə usta və olduqca təcrübəli olsam da, söhbət qida istehsalından gedirsə, mənim heç bir rəsmi təhsilim olmayıb. Mən Təsviri İncəsənət üzrə bakalavr dərəcəsi, Rəssamlıq və Sarkazm üzrə magistr dərəcəsi almışam.

 

Amma duzu (indiki halda şəkəri) sevən hər bir desert fanatı "canı çox çəkəndə" bu hissi yatışdırmağın yollarını tapacaqdır. Mən də belə etdim. Növbəti bir neçə ay ərzində mətbəxə qapanıb hər gün işlədim. Bişirdiklərim kömürə dönmüş haldan yeməli hala keçdikcə, ambisiyalarım güclənirdi. Mən sadəcə qənnadı məmulatları və tortlar hazırlamaq istəmirdim. Mən peşəkarlar kimi qənnadı məmulatları və tortlar hazırlamaq istəyirdim. Mən "ev üsulu" heşteqi istəyirdim, amma könlümdən "qənnadı elitası" heşteqi də keçirdi. Elə bu məqamda yeməklərin və şirniyyatların bəzədilməsi "işin içinə daxil olur" - ağzınla yeməzdən əvvəl, gözlərinlə yemək. Qənnadı məmulatları hazırlamağa cəhd edərkən əldə rəhbər tutduğum prinsip bu idi: Hamının dişləmək istəyəcəyi şirniyyat. Ya da şirniyyat dükanlarının və ya toy salonlarının qapısını qırmaq istəyəcəyi şirniyyat.

 

--------------------------------------------------------------------------------

 

Qənnadı məmulatlarını və tortları bəzəyərkən mənim üçün keçərli olan prinsiplərin siyahısını paylaşıram. Bu, hamıya şamil olunan bir şey deyil, amma hər kəsin öz üsul və "fokusları" var. Mən özümünkünü paylaşıram, ümid edirəm ki, bu, özünüzə məxsus olanı tapmaqda sizə kömək edəcək.

 

İLHAM MƏNBƏYİ AXTARIN:

Sosial şəbəkələr - İnstagram bişmiş nemətləri "stalklamağı" çox asanlaşdırıb. Siz axtarış xanasına "bulkalar" sözünü daxil edirsiniz və qarşınıza idman zalı gözəlçəsinin "bulkaları"nın şəkli kimi təsadüfi şəkillər çıxsa da, əsasən müxtəlif yerlərdə və müxtəlif bucaqlardan çəkilmiş, həm təbii, həm də süni işıq altında dramatik şəkildə "gözəlləşdirilmiş" buxar çıxan isti çörək şəkilləri görürsünüz. Bəzən axtarışdan mobil telefon vasitəsilə çəkilmiş süfrəyə verilən çörək, arxa fonda da pişik şəkli çıxır. Yəni ilham sizdən sadəcə bir klik uzaqlıqdadır. Siz istənilən şef-aşpazın hesabını izləyə və məhkəmə qadağası şəklində "sillə almadan" onların işinin fanatı ola bilərsiniz.

 

 

Şirniyyatçı şouları - Çox məhdud vaxt ərzində yarışan iştirakçıların brutallığından daha həyəcanverici bir şey yoxdur. Fərqlənmək və super bir şey təqdim etmək kimi primitiv ehtiyaclarla yanaşı, minlərlə tamaşaçının izlədiyi Milli Televiziyaya çıxmağın yaratdığı təzyiq də bəzən qeyri-adi və yenilikçi qida yaradıcılığı ilə nəticələnir.

 

Əgər bu "qaynar şou"ya daha çox tab gətirə bilmirsinizsə, YouTube videolarına "dadana" bilərsiniz. Bunlar çox vaxt arxa fonda sakit və rahatladıcı musiqi olan yüngül videolardır.

 

Yeri gəlmişkən, burada açar söz müəllif hüquqlarının pozulması deyil, ilhamdır, mənimlə razısınız?

 

Baqqal dükanı - Yerli mağazanızın rəflərini gəzin. Beyninizin içindəki "ilham işığı"nı nəyin yandıracağını heç vaxt bilə bilməzsiniz. Mən "petit gateau" şirniyyatına aksent qatmaq üçün "Fun Sticks" biskvit peçenyesindən istifadə etdim, muslu tartın üzərinə isə yeməli qızıl tozu ilə rənglənmiş Maltezer topları qoydum.

 

MƏHSUL SİYAHISI:

Vasitələrinizi yoxlayın - Evdə hansı alətlər, kəsici alətlər, presləmə alətləri və ya soba tavaları var? Sadəcə əlinizdə olanları masaya düzün və nədən istifadə edə biləcəyinizə, nədən isə istifadə edə bilməyəcəyinizə qərar verin.

 

Anbarda olan ərzaq - Şokolad bütün şirniyyatçıların ehtirası, yəni "patisserie froufrou" deyil, amma ona yaxın bir şeydir. Ondan istifadə edə biləcəyiniz bir çox üsul var. Siz onu nazik burmalar şəklində sıxa, forma vərəqinə yaya, əridib fiqurlu qablara tökə, yaxud da sadəcə parçalara ayıra bilərsiniz.

 

Şokolada parıltı vermək üçün yeməli qızılı yarpaqlardan istifadə edin. Ləzzətini qaçırmayın, çox olmaqdansa, az olsa, yaxşıdır. Əsas məqsəd yaradıcılığınızı daha da gözəlləşdirməkdir, Günəşin replikasını yaratmaq deyil.

 

Mövsümi meyvələrlə bəzəmək şirniyyata bir az rəng qatmaq və bişirdiklərinizin dadını tamamlamaq üçün əla üsuldur. Əgər mövsümü deyilsə, sublimasiyalı qurutma üsulu ilə qurudulmuş meyvələr həmişə alternativ seçim ola bilər.

 

Qoz-fındıq tortu bəzəmək üçün istifadə edilə biləcək sevimli inqrediyentlərimdəndir. Onlar ucuz, əlçatan və dadlıdır. Ancaq allergiyası olan insanları nəzərə alın; bişirdikləriniz onlara cənnətin dadını hiss etdirməlidir, onları cənnətə göndərməməlidir.

 

Öz bağ-bostanınız - Mini-reyhan və kəklikotu kimi otlar və bitkilər tartı təravətləndirmək üçün yaxşı əlavələrdir. Yeməli çiçəklər tortda zərif görünür, sadəcə onların həqiqətən də yeyilə bilən olduğundan əmin olun. Axı, siz insanların mədəsinə qida zəhərlənməsi deyil, ürəyinə sevinc bəxş etmək istəyirsiniz.

PLANLAŞDIRMA:

Qalan qatlar və inqrediyentlər sərbəst üslubda məşq etmək üçün bir fürsətdir. Biskvit qırıntıları və artıq qalmış qlazur və ya qanaş ilə eksperiment aparmaq yaradıcılığınızı açıq şəkildə üzə çıxarır. Dəqiq olmaq istəyi sizin üçün məhdudiyyət deyil. Metal xətkeş çıxarmağa və muslu torta qlazuru mütləq dəqiq bucaq altında tökməyə çalışmırıq. Bəlkə də bu, ancaq məndə belə olur. Bu, bir xəstəlikdir, bilirəm. Harada qalmışdım? Bəli, səhv yoxdur, sadəcə yeni və möhtəşəm imkanlar var. Mən, adətən, artıq qənnadı məmulatları və biskvit hissələri qalanda onları qabda olan desertlər və "mürəbbələr" (loru dildə varenə) ilə qarışdırıb yoxlayıram. Bonus: Artıq heç nə qalmır.

 

MƏŞQ ET:

Bu, bəzəmə işini təkmilləşmək üçün ən klişe və eyni zamanda ən sınanmış üsuldur. İçinizdəki Amor Qişon və ya Dinara Kaskonu sərbəst buraxın və şirniyyatçıların getməkdən qorxduqları yerlərə gedin. Əgər yeni tendensiya müstəqil şəkildə cəhd etmək üçün həddindən artıq çətin görünürsə, qısa kurslar və ya seminarlar vasitəsilə bacarıqlarınızı artırın. Mən belə tədbirlərə getməyi xoşlayıram, çünki orada həmişə həmfikir olduğum və undan hazırlanmış hər şeyə həvəsi olan yeni insanlarla tanış oluram.

 

Əgər siz məşğələlərə getmək üçün çox utancaqsanızsa, inadınızı evdə göstərin. Əlbəttə ki, fəlakətlər olacaq və qəribə qarışıqlarla qarşılaşa və ya ümidsiz olduğunuzu düşünə bilərsiniz. İndiki kimi yadımdadır, kimsə kruaponçik (kruassan və ponçikin qarışığı) icad eləmişdi və insanlar bunun əla fikir olduğunu düşünmüşdülər.

 

Bu yazını da daha bir klişe ilə bitirəcəyəm - Nuş olsun!

Əvvəlki bloq Növbəti bloq

Sign up for a taste of the West Coast